Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged şokolad

Şokoladlı Kəsmikli Maffinlər

Kəsmiyin hazırlanmasını hamımız öyrəndik, elə deyil  mi? Indi isə növbə gəldi bu kəsmiyi hansı yeməklərdə istifadə edə biləcəyimizə. Bir gün fikirləşdim ki, görəsən kəsmik və şokoladın qarışığından hazırlanan bir şirniyyat necə olar? internetdə gəzərkən rastıma kəsmikli şokoladlı maffin resepti çıxdı. Nəsə xoşum gəldi reseptdən, və dərhal təzəcə hazırladığım kəsmiklə bu maffinləri hazırladım. Kəsmik maffinlərə yumuşaqlıq, zəriflik qatır, şokoladla birləşəndə isə olur lap əla. Nuş Olsun!

İndi isə mövzudan bir neçə məsələ.

Diqqət 1 Ötən yazımı nəzərdən qaçıranlarına. Sizi yeni açdığım FORUMda iştirak etməyə dəvət edirəm. Foruma daxil olmaq üçün Menyudakı  FORUM keçidinə girin. Reseptlər, məsləhətlər və digər mövzuları müzakirə edin.

Diqqət 2 – Xahiş edirəm reseptlərinizi bloqda deyil FORUMDA paylaşın. Forum budan ötrü yaradılıb.

Dİqqət 3 – Xahis edirəm bloqda şəxsi yazışmalar aparmayın. Bloq şəxsi yazışma yeri deyil. Bir-birinizlə ünsiyyətə keçmək istəyirsinizsə, email adreslərinizi bir-birinizə verib, söhbətinizi öz aranızda davam etdirin. Anlayışınıza görə təşəkkür edirəm.

Şokoladlı Kəsmikli Maffinlər
Joy of Baking
saytından adaptə edilmişdir.
Orijinal Mənbə: Mollie Katzen, “Mollie Katzen’s Sunlight Cafe.”

16 ədəd maffin üçün

1 stəkan kəsmik (İtalyan ricotta pendiriylə əvəz edə bilərsiniz)
2 ədəd iri yumurta
1 stəkan + bir stəkanın üçdə bir hissəsi qədər süd  (320 ml)
1 xörək qaşığı tam vanil ekstraktı (vanilla extract)
4 xörək qaşığı kərə yağı  (57 qram) – əridib soyudun
2 stəkan un
1 stəkan + bir stəkanın dörtdə bir hissəsi qədər şəkər tozu
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
Bir stəkanın üçdə ikisi qədər kəm-şirin kakao tozu
1 stəkan yarı-şirin şokolad parçaları (plitka şokoladı xırda xırda doğrayın və ya şəkildə gördüyünüz mini-şokoladlardan istifadə edin)

Sobanı 180Cdək qızdırın. Soba rəfini sobanın orta yerinə yerləşdirin. 16-ədədlik maffin formasını ya maffin kağızıyla sərin, ya da dibini və kənarlarını azacıq yağlayın.

İri qabda kəsmiyi qarışdırın. Yumurtaları bir-bir əlavə edərək mikserlə çalın ki, qarışsın. Süd, vanil, yağı da əlavə edib, yenidən qarışdırın. Alınan kütləni kənara qoyun.

Ayrı iri qabda un, şəkər tozu, qabartma tozu, duz və kakaonu qarışdırın. Kəsmikli qarışığı buraya əlavə edib qaşıqla qarışdırın. Şokolad parçalarını  əlavə edib yavaşca qarışdırın. Çox qarışdırmayın yoxsa maffinləriniz bərk alınar!

Alınan kütləni maffin formasındakı 16 çökək arasında bölün – hər çökəyin təxminən üçdə iki hissəsini doldurun. Maffinləri 20 dəqiqə və yaxud üstü qızaranadək və ortasına kibrit batırıb çıxartdığınızda kibrik quru qalanadək bişirin.