Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Mart 2009

Ordubad Üsulu Maş Şorbası

Ordubad Üsulu Maş Şorbası

Maş Şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Düz bir il əvvəl dünyadan köçən nənəm Ordubad yeməklərini qohumlar arasında hamıdan yaxşı bişirərdi. Mən nə qədər etsəm də, mənim bişirdiyim maş şorbasının dadı nənəmin bişirdiyi maş şorbasına çatmır ki, çatmır.

Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur. Ehh, lap yadıma düşdü. Burda qovurmanı hardan tapım. Ən əsası isə ləzzətli yağlı qoyunu hardan tapım:)

Nənəmin reseptini sizinlə paylaşıram. Əlləri ləzzətli gözəl nənəm və bütün nənələrə həsr olunur.

Odrubad Üsulu Maş Şorbası

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də
istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1
xörək qaşığı quru nanə

1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir.  Maşı süzün və yuyun. Kənara qoyun.

2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.

3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.

4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.

5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər  bişirin.

6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

Nuş Olsun!