Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Noyabr 2009

Kakaolu Badamlı Merengi

Kakaolu Badamlı Merengi

Sabah Amerikada Şükran (Thanksgiving) bayramıdır. Bu bayram Amerikan bayramlarından ən çox xoşuma gələnlərdən biridir. Bir növ məhsul bayramı kimidir. Bayramın başlıca ideyası budur ki,  İnsanlar onları yedirən məhsula təşəkkür edirlər. Qədim zamanlarda bu bayram dini bayram olsa da, bu günki Amerikada artıq dini obrazını itirərək laik bayrama çevrilmişdir. İnsanlar nəinki məhsula, bir birilərinə də təşəkkür edirlər. Elə bu səbəbdən mən də sizi, əziz oxucularımı, sayta hər gün girib şərh yazdıqlarına görə təşəkkür etmək istəyirəm.  Həmişə gəlin, saytıma qonaq olun. Təşəkkürümü bildirmək üçün sizə çox ləzzətli merengi resepti vermək istəyirəm. Bu merengi yumurtanın ağı və şəkərdən hazırlanan adi merengi kimi deyil. Bunun dadı daha ləzzətlidir, cünki içində kakao tozu və badam var. Bu merengiler ağızda əriyir. Dadına doymaq olmur.

ƏLAVƏ: Thanksgiving bayramından sonra Qurban bayramı olduğuna və bu bayramda sayta yeni resept çatdırmayacağıma görə, əvvəlcədən hamınızı Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Kakaolu Badamlı Merengi
“Baking: From My Home to Yours”, by Dorie Greenspan kitabindan

Təxminən 17-18 merengi üçün

1 stəkan şəkər pudrası (tozu deyil!)
1/3  stəkan çəkilmiş badam (toz kimi olmalıdır)
1/4  stəkan kakao tozu (şirin olmasın! acı olandan istifadə edin)
4 iri yumurta ağı – otaq hərarətində (30 dəqiqə əvvəlcədən soyuducudan çıxardın)
bir çimdik duz
1/2  stəkan şəkər tozu
1/2 çay qaşığı vanil ekstraktı (yoxdursa, bir çimdik vanil tozu)
1/2 stəkan şirin kokos lopaları (bunlardan biriylə də əvəz edə  bilərsiniz:  xırda-xırda doğranmış aci-şirin şokolad və ya qoz və ya badam)

Sobanı 150C-dək qızrıdın. Soba listinin dibinə kalka kağızı sərin.

Bİr qabda şəkər pudrası, çəkilmiş badam və kakaonu qarışdırın. Ayrı qabda yumurta ağına bir çimdik duz elavə edib bir az köpüklənənədək mikserlə çalın (QEYD: qabı yaxşıca qurulayın!). Sonra şəkər tozunu az-az yumurtaya əlavə edib kütlə bərkiyənədək çalın. Vanil elavə edib bir az da çalın ki, qarışsın.

Sonra rezin spatulayla (yoxdursa adi qaşıqla) kənara qoyduğunuz quru qarışığı yumurtaya əlavə edib, yavaşca və zərif hərəkətlə qarışdırın. Çox və bərk-bərk qarışdırmayın ki, kütlənin şişi çox yatmasın.

Alınan kütlədən bir dolu xörək qaşığı götürüb listə qoyun. Kütlə qurtarana kimi merengileri bir birilərindən bir qədər aralıqda listə qoyun. 10 dəqiqə ərzində SOBANIN QAPISINI AÇMADAN bişirin. Sonra isə listi çıxartmadan hərarəti 100C-yə gətirərək 1 saat ərzində bişirin. Sobadan çıxardın. Qoyun merengilər listin içində  bir az soyusun. Sonra listdən çıxardın. Nuş Olsun!