Best in the World!
Dadlı yemək reseptləri bloqu

Balqabaq Mürəbbəsi

Balqabaq Mürəbbəsi | AZCookbook.com

Bu günkü reseptimiz balqabaq mürəbbəsidir. Düzdür, bu yazını dərc etdiyimdə artıq balqabaq mövsümü qurtarmış olacaq, amma eybi yoxdur, yeni mövsüm uzaqda deyil. Ən çox xoşladığım mürəbbələrdən biri olan balqabaq mürəbbəsi ərik, gilas, gilənar mürəbbəsi kimi çox bilinməsə də, məncə onun digərləri qədər hər süfrədə yer alması üçün yetərli səbəb var. Olduqca ləzzətli mürəbbədir. Balqabaq elə gözəl bişir ki, əzilmədən öz şəklini saxlamağı bacarır. Rəngi də ki, öz yerində – parlaq günəş kimi.

Balqabaq Mürəbbəsi | AZCookbook.com

BALQABAQ MÜRƏBBƏSİ

Qeyd: Bişmiş mürəbbəyə az miqdarda təzəcə sıxılmış limon şirəsi əlavə etmək olar.

1 litr mürəbbə üçün

Ərzaqlar

  • 1 kilo toxumları təmizlənmiş və soyulmuş balqabaq
  • 1 kilo şəkər tozu
  • 1 stəkan su

Hazırlanması

  1. İti bıçaq köməkliyi ilə balqabağı 2.5 sm ölçüsündə kub formasında kəsin.
  2. Kubları genis ləyənin içərisinə tökün. Şəkər tozu və su əlavə edin. Qaynadın. Sonra vam odda saxlayaraq təqribən 2 saat ərzində balqabaq qızılı rəng olana kimi və yumşalana kimi (öz formasını itirməmək şərti ilə) bişirin.
  3. Qazanı odun üzərindən götürün, soyumasını gözləyin.
  4. Eyni zamanda, mürəbbələr üçün banka təmizləyin və qurulayın.
  5. Çömçə ilə mürəbbəni bankaya töküb ağzını möhkəm bağlayın.
  6. Quru, sərin yerdə saxlayın.
  7. Mürəbbə qabında servis edin.

Bir cavab yazın