Best in the World!
Dadlı yemək reseptləri bloqu

İdeal Limonlu Tart

AZCookbook - Westgold

İdeal Limonlu Tart

Siz mənim Haqqında səhifəmi görmüsünüzsə güman ki, mənim tartla çəkilmiş, güldüyüm, sizi cırnadırammış kimi göründüyüm fotomu görmüsünüz. Əziz dostlarım, həmin o şəkildəki indi haqqında yazacağım limonlu tartdır. Bu tartı 4 il əvvəl foto çəkilişi üçün bişirmişdim. Resepti bloqa qoymağı isə çooox uzun vaxta təxirə salmışdım. O vaxta qədər ki, nə qədər qəribə səslənsə də, bir neçə gün əvvəl “Kosmosdan çağırış gəldi” və nəhayət ki, məni illərlə görmək istədiyim işi görməyə məcbur etdi.

Belə ki, bir neçə gün əvvəl yuxudan oyanan kimi ağlıma gələn ilk fikir bu oldu: axı mən niyə o tart reseptini nəhayət ki, bloquma qoymuram? Bu fikir sözün həqiqi mənasında ayağımı yerə qoyan kimi ağlıma gəldi. Bir azca sonra Facebookumu yoxladım. Ilk gördüyüm şey nə olsa yaxşıdır? Rəfiqəm Şəhlanın mənim bloqumdakı limonlu piroqu bişirdiyi, onun nə qədər gözəl alındığı və bloqumda daha çox limonlu reseptlər görmək istədiyi barədə postu. Həqiqətən təəccübləndim. Olmaya telepatiya budur?

İdeal Limonlu Tart

Tartı yenidən bişirməli oldum. Bu siqnal xoşuma gəlmiş kimi idi. Çünki belə bir resept mütləq paylaşılmalıdır. Beləliklə mən bir neçə gün əvvəl evimizdə olan qonaqlıq üçün bu tartı bişirdim. Əzizlərim, bu, sizin nə zamansa evdə bişirəcəyiniz ən gözəl limonlu tartdır! Bu resept çox gözəldir. Üstəlik asandır. Heç bir uzun-uzadı hazırlıq, yaxud əvvəlcədən atılası addımlar tələb etmir. Nəticələrsə əladır. Şəhla, bu sənin üçündür. Və dünyadakı bütün gözəl insanlar, bu sizin üçündür.

İdeal Limonlu Tart

İdeal Limonlu Tart
Lori Longbothamın “Luscious Lemon Desserts” kitabından götürülmüş resepti əsasında

28 sm-lik tart alınır, 10 porsiya üçün kifayətli

Ərzaqlar

1/2 stəkan (115 qram) Westgold kərə yağı
2 xörək qaşığı incə rəndələnmiş limon qabığı (təxminən 4 limondan)
1   3/4 stəkan ağ un
1  1/4 stəkan şəkər tozu
2 çimdik duz
6 iri yumurta
1 stəkan təzə sıxılmış limon suyu (qabığını rəndələdiyiniz limonlardan istifadə edin)
1/2 stəkan yağlı qaymaq (çalına bilən)
Üstünə səpmək üçün şəkər kirşanı (pudra şəkəri)

Hazırlanması

Tartın xəmirini hazırlayın:
Soba rəfini sobanın orta gözünə yerləşdirib onu 175ºC-yə qədər qızdırın. Altı çıxarıla bilən 28 sm ölçülü tart tavasını hazır saxlayın.

Kərə yağını balaca bir qazanda orta istilikdə əridib içinə 1 çay qaşığı limon qabığı əlavə edin və 5 dəqiqəliyinə kənara qoyun.

Unu, 1/4 stəkan şəkər tozunu, bir çimdik duzu orta ölçülü bir qabın içində qarışdırın. Çəngəllə qarışdıra-qarışdıra yağ qarışığını nazik axınla bu qarışığın üzərinə tökün. Xəmir əmələ gələnə qədər qarışdırmağa davam edin. Xəmirdən bir azca götürüb barmaqlarınızın arasında basanda xəmirin hazır olduğunu anlayacaqsınız.

Qarışığı tart qabının içinə qoyun və barmaqlarınızın ucları ilə basmaqla bərabər qaydada qabın divarlarına və dibinə yayın. 20 dəqiqə ərzində, yaxud xəmir yünül qızılı-qonur rəng alana qədər sobada bişirin. Ehtiyatlı olun – tart qabının altından tutmayın, qabın dibi çıxar, xəmir qırılar! Dəmir soba tellərinin üzərində soyumağa qoyun və eyni zamanda içliyi hazırlamağa başlayın.

İçliyi hazırlayın:
Qalan 1 stəkan şəkər tozunu və qalan bir xörək qaşığı limon qabığını prosessorda qabıq narın hala gələnə qədər qarışdırın.

Yumurtaları, şəkər və limon qabığı qarışığını, limon suyu və bir çimdik duzu orta ölçülü dərin qabda eynicinsli kütlə alınana qədər çalın.

Qaymağı orta ölçülü dərin qabda elektrik mikserin orta sürətində yumşaq təpəcilər əmələ gələnə qədər çalın. Qaymağı yumurta qarışığına əlavə edib tam qarışana qədər çalın.

Tartı bişirin:
Soba listini sobanın orta gözünə yerləşdirib tart xəmirini onun üstünə qoyun. İçiliyi hələ də bir qədər isti olan xəmirin üzərinə tökün. (Bəli, siz əvvəlcə listi sobaya, tartı bişdiyi qabın içində listin üzərinə qoymalısınız və yalnız bundan sonar içliyi xəmirin içinə tökməlisiniz, çünki əgər bunu sobadan kənarda etsəniz içliyi axıtmadan listi sobaya daşımaq çətin olacaq.) İçliyin hamısını xəmirin içinə tökün – onun miqdarı elə tartın xəmirini doldurmaq üçün kifayət edəcək qədərdir. Əgər tart qabınız lazımi ölçüdədirsə içlikdən artıq qalmamalıdır.

25-30 dəqiqə ərzində, yaxud orta hissədə içlik bir qədər özünü tutana qədər bişirin. Tartın üstü bir o qədər də qonurlaşmamalıdır. Qonurlaşmağa başlayan halda olmalıdır. Bir daha təkrarlayım, tart qabını sobadan çıxardığınız zaman ehtiyatlı olun – qabı altından tutmayın, yoxsa qabın altı çıxar və tart qırılar! Tartı soba tellərinin üzərinə soyumağa qoyun. Tart qabının kənarlarını çıxarın. Soyudun. Düz süfrəyə verməzdən əvvəl tartın üzərinə balaca ələk vasitəsilə bol-bol pudra şəkəri tökün. Dilimlərə doğrayıb qonaqlarınıza təqdim edin.

İdeal Limonlu Tart

AZCookbook - Westgold Facebook

Bir cavab yazın

18 Şərh
  1. limonlu piroqlara bayiliram:) Feride menim tart qabimin alti cixmir. Onda bisire bilerem?

    • Adi yumru formadırsa olar, amma ki, tartı onun içindən çıxartmaq olmayacaq, gərək elə onun içindəcə kəsib servis edəsiniz.

  2. salam, Feride xanim resepte gore cox sagolun, ele bu qabda biwmelidir, yoxsa bawqa soba sinisinde olar?

    • Başqa qabda da olar. Amma bu xüsusi tart qabında daha yaxşı olur. İndi satışda belə qablar var.

  3. Salam .Cox gozel gorunuwu var,bu resepti beyendim,esas da terkibinde limon varsa,limonu cox sevirem,her gun demek olarki yeyirem,iwden vaxt tapib biwirecem,size ise tewerurler,terkibi limon olan reseptlerinizi gozleyecem))))))))

  4. Feride xanim inanin sizin reseptleriniz mene coooox komek oldu.en esas da bu qeder izahli reseptlerinize gore Size minnetdaram.

  5. Feride xanim prossesor ne demekdi anlamadim, belke blenderdi?

    • Doğrayan alətə prosessor deyilir, blenderiniz eyni funksiya edirsə, ondan istifadə edin.

  6. Fəridə xanım, bu tart limonlu dördbucaqlılara bənzəyir, elə deyilmi?!

  7. Salam nermin xanim qaba yax vurduxdan sonra qabi unlayın yax kimi hec yapismayacag gorersiz super olcag.

  8. Salam,Fəridə xanım unun miqdarı 1+3/4 stəkan olmalıdır ya 3/4 stəkan?

  9. Feride xanim, qaymaq neche faiz olsa yaxshidir? bir de prosessor yoxdursa bashga hansi usuldan istifade etmek olar? sheker tozu ve limon qabihgi mutleq narin hala salinmalidi? Onceden teshekkur edirem Sizden uzun zamandir yeni reseptler gozleyirik, bizi nigaran qoymayin 🙂

  10. Salam Xanim necesiz.men bu sayti cox beyenirem ve vaxt tapdiqcada girirem bu sayta…:-))

Bir cavab yazın