Bu günün resepti küftə-bozbaş olacaq – hamının daha çox küftə kimi tanıdığı xörək. Bu, Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir- sadə bulyonda kartof və noxudla birgə hazırlanan iri küftələr.
Küftə sözü Fars dilində əzmək mənasında işlənən koftan sözündən əmələ gəlmişdir. Küftənin adı onun hazırlanma üsulunu özündə əks etdirir. Küftələr irili-xırdalı, ətin digər ərzaqlarla qarışması üçün əzilməyi vasitəsilə hazırlanır.
Küftənin farşında nə olar? Soğan, yumurta, duz-istiotla qarışdırılmış mal və ya qoyun əti ola bilər. Biz çəkilmiş ətə qurudulmuş nanə, mərzə, ağ reyhan da əlavə edirik. Ətə quru göyərti qatmaq daha çox Naxçıvan bölgəsinə aiddir, buna əks olaraq bakılılar küftəyə heç bir göyərti qatmırlar. Şəxsən mənim quru göylü küftələrdən daha çox xoşum gəlir. Onlar daha ətirli, ləziz olurlar. Mənim Ordubadlı nənəm küftəni bu cür hazırlayırdı, anam da həmçinin. Mən də onların yolunu davam edirəm. Amma istəyə görə təzə göydən də istifadə edə bilərsiniz.
Həmçinin, küftənin içinə quru və ya mövsümə görə təzə alça də qatılır. Buna səbəb həm turş meyvənin həzm sisteminə müsbət təsiri, həm də ətə xoşməzə dad verməyidir.
Bu qurudulmuş nanədir. Biz onu əzib ətə qatırıq (zövqə görə).
Bu isə qurudulmuş mərzədir. Çox güclü ətri var. Onu da əlinizin altında varsa küftəyə əlavə etməyi tövsiyyə edirəm, amma yenə də məcburi deyil.
Bu isə küftə küftə üçün hazırladığımız ət qarışığıdır.
Küftələrin içinə alça qurusu yerləşdiririk.
Küftə-Bozbaş
4 pay üçün
Aşağıda göstərilən quru göylərdən istifadə edə bilərsiniz. Əlinizin altında varsa hamısını qatmaq olar, yoxdursa olanlarla kifayətlənin. Heç biri yoxdursa onda onlarsız da keçinmək olar. Təzə göy də vura bilərsiniz.
Ərzaqlar:
Yarım stəkan gecəni soyuq suda islağa qoyulmuş noxud
Üstünə səpmək üçün quru nanə (ətin içində quru nanə varsa, yeməyin üstünə səpmək mütləq deyil)
Küftənin Ərzaqları:
Yarım kilo mal və ya qoyun əti ya da onların qarışığı (mən 85% yağsız\15% yağlı orqanik mal ətindən istifadə edirəm)
1 orta ölçülü soğan -ət maşınından keçirilmiş
1 yumurta
1/3 stəkan yumru düyü
1 çay qaşığı xırdalanmış nanə qurusu (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru mərzə (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru ağ reyhan (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 kiçik alça qurusu
Bulyonun Ərzaqları:
2 xörək qaşığı ərinmiş yağ
1 xörək qaşığı tomat pastası
4 qabığı soyulmuş bütöv kartof
1/4 çay qaşığı sarıkök
Duz-istiot
Hazırlanma qaydası:
Islağa qoyulmuş noxudu yarım-bişənədək suda qaynadın ( daha sonra yenə de bişiriləcək).
Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın. Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsinizş Məsələn, 4 əvəzinə 8 küftə etmək olar). Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.
Bulyonu hazırlayın. Orta ölçülü qazanda (kifayət qədər iri olmalıdır ki, küftələr bir birinə dəyməsin) yağı orta istilikdə qızdırın, daha sonra tamat pastasını əlavə edin və yarım dəqiqə qarışdırın. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.
Istiliyi bir az azaldın (orta həddə qədər) və küftələri bir-bir bulyona salın. Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan (küftələr dağılmasın deyə) bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.
Kartofu, sarıkökü və noxudu əlavə edin. Zövqə görə duz-istiot vurun. Qaynara düşəndən sonra istiliyi azaldın, qazanın qapağını örtün və hardasa 40 dəqiqə bişirin.
Çömçə ilə kasalara hərəsində bir küftə, bir kartof və bir qədər noxud və bulyon olmaqla tökün. İstəyə görə üzərinə nanə qurusu səpmək olar. Nuş Olsun!
Son şərhlər