Best in the World!
Dadlı yemək reseptləri bloqu

Çörəklər

Ballı Çörəklər

Ballı Çörəklər

Bu resepti  rəfiqəm Marisolun ləzzətli bloqunda gördüyümdə, ilk işim onu bir kənara saxlayıb fürsət tapan kimi bişirmək oldu. Ballı çörəklərin tərkibində bal olmasına baxmayaraq, çörəklər çox şirin deyillər. Bal onlara xoş dad və ətir əlavə edir. Mən bu çörəkləri səhər yeməyində çox xoşlayıram. İkiyə bölüb, arasına yağ, mürəbbə və yaxud bal çəkdiyinizdə çox ləzzətli olur. Bu çörəkləri istədiyiniz vaxt qəlyanaltı kimi də yeyə bilərsiniz. Hamburger çörəyi kimi də yaxşı olar. Bir nöqtəni nəzərinizə çatdırım ki, çörəklər bişdiyi gün yumuşaq olur, sonra isə bir az bərkiyirlər. Sabahısı gün mikrodalğalı sobada bir az istitsəniz, əvvəlki yumuşaqlığını bərba etmiş olacaqsınız. Nuş Olsun!

Ballı Cörəklər
Memories in the Baking bloqundan

Təxminən 27-30 çörək üçün

115 qram kərə yağı
1 stəkan süd
yarım stəkan bal
yarım stəkan ilıq su
2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı duz
2 yumurta  – azca çalın
6 stəkan – 6 stəkan yarıma qədər un
üstünə sürtmək üçün kərə yağı

Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.

Bir  qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib  qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT – unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).

İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri  qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.

Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün – kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.

Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək. Nuş Olsun!