Best in the World!
Dadlı yemək reseptləri bloqu

Çörəklər

Lahmacun + Ayran

Çoxdandır sizə söz verdiyim resepti nəhayət ki, sizə çatdırıram. Aranızda lahmacunu xoşlamayan var? Mən şəxsən çox xoşlayıram. Hələ yanında buz kimi soyuq ayran olanda, heç özümü saxlaya bilmirəm. İlk dəfə lahmacunu deyəsən tələbəlik illərim vaxtı yemişdim, dadı damağımda qalmışdı.  O vaxtlar, yəni 90-cı ilin ortaları lahmacun təzə-təzə məşhurlaşmağa başlayırdı. İndi isə onu Azərbaycanda tanımayan az olar. Əsl lahmacun kürədə bişirilir, və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün kürədə bişən çörəklər kimi. Burada mənim üçün kürəni sobam əvəz edir. Lahmacunum heç də pis alınmır. Sizə də nuş olsun. Və ya Türkcə desək – Afiyət Olsun!

LAHMACUN
Resept kiçik dəyişikliklər etməklə Özcan Özanın – The Sultan’s Kitchen: A Turkish Cookbook – kitabından götürülmüşdü.

8 ədəd lahmacun üçün

Xəmiri Üçün:
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1  3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Uçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan – xırda-xırda doğranmış  (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor – qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış  (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın.  1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1  1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün.  1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş xəmiri  bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə  bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə  basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.

Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox  nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.

Bu da mənim ayran reseptim.

AYRAN
4 stəkan qatıq
4 stəkan soyuq su
duz

Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.