Best in the World!
Dadlı yemək reseptləri bloqu

Çörəklər

Təndir Çörəyi

Təndir Çörəyi

tandoori bread

Mən Bakıdaykən, mənə, “Ay Fəridə, dur bir çörək bişir” deyən olsaydı, yəgin ki, gülərdim və deyərdim ki, “Çörək bişirməyə nə gərək var, odur e, dükkanlar, bazarlarda çörəkdən çox çörək var, heç əziyyətə dəyər?”  Sən demə, bəzi vaxtlarda dəyər. Bunu Kaliforniyaya gəldiyimdə burnumun ucu Azərbaycan çörəkləri üçün göynəməyə başlayanda başa düşdüm, özü də nə az, nə çox, təndir çörəyi üçün. Düzdür, burada müxtəlif növ çörək tapmaq olar, amma Azərbaycanda bişirilən təndir çörəyini nə qədər elədim, tapa bilmədim. Odur ki, qərara aldım artıq çörəyimizi özüm bişirim.

Həyatımda ilk dəfə bişirdiyim çörəyin şəklini bu yazının əvvəlində görürsünüz. Sizcə necə alınıb? Düzü, burada təndir olmadığından mən bu çörəyi sobada bişirirəm, amma görüntüsü təndir çörəyini xatırlatdığı üçün onu elə təndir çörəyi adlandırıram. Təndir çörəyinin üstünə heç nə səpməsəniz də olar.  Amma mən üstünə ya xaş-xaş, ya da küncüd səpirəm  – bu, çörəyə həm ləzzət, həm də iştah-açan görünüş qatır.

Buyurun, bu da mənim sobada bişirdiyim Təndir Çörəyi.

Çörəyiniz hemişə bol olsun!


TƏNDİR ÇÖRƏYİ

1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd

1. Bir kasaya ilıq su qoyub, quru mayanı bu suda həll edin.

2. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı sulu əlavə edib əlinizlə qarışdırın.

3. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, və çəx bərk olmamalıdır.

4. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun.

5. Xəmir təxminən  1 ½ – 2 saata gələcək.

6. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın.

7. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 cm qalınlığı, 35cm uzunluğu və 20cm genişliyi olan ovala açın.

8. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz – non-stick – listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin.  Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin.

9. Sobanı 200C-dək qızdırın.

10. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin (şəkildə gördüyünüz kimi). Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin.

11. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində, və yaxud üstü qızaranadək bişirin.

Nuş Olsun!