Best in the World!
Dadlı yemək reseptləri bloqu

Duzlu Piroqlar

Pendirli Borucuqlar

Pendirli Borucuqlar

Tez-tez bişirdiyim ləziz borucuqlarla tanış olun. Xəmirində maya əvəzinə qabartma tozundan istifadə edirəm.  Beləliklə, mayalı xəmirdən fərqli olaraq, bu xəmirin gəlməsini gözləməyə ehtiyac qalmır. Buna baxmayaraq, borucuqlar həm yaxşı qabarır, həm də yup-yumuşaq alınırlar. Siz də sınaqdan keçirin. Nuş olsun!

Pendirli Borucuqlar

24 ədəd borucuq üçün

Xəmiri Üçün:
2 stəkan yarım un
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
Yarım stəkan duru yağ

İçi Üçün:
2 stəkan yarım iri-iri ovulmuş ağ pendir
1  yumurtanın ağı
1 xörək qaşığı və ya zövqə görə daha da çox xırda-xırda doğranmış cəfəri (cəfərinin yerinə göy soğan və ya şüyüd də istifadə edə  bilərsiniz)

Üstü Üçün:
1 yumurtanın sarısı
Çörəkotu və ya güncüt


Hazırlanma Qaydası:

Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, qabartma tozu və duzu qarışdırın. Süd və yağı buraya əlavə edib elastik və yumuşaq bir xəmir əldə edənə qədər, yoğurun.  Xəmiri kündələyib qaba geri qoyun. Üstünü örtüb dincəlməsi üçün 10 dəqiqəlik kənara qoyun.

İçi hazırlamaq üçün ərzaqları qarışdırın. Pendiriniz duzludursa, içə duz əlavə etməyin. Duzsuzdursa, zövqə görə duz vurun.

Sobanı 195Cdək qızdırın. İki ədəd iri formanı hazır tutun.

Xəmiri 3 hissəyə bölün. Hər hissəni kündələyin, oxlovla 28 sm diyametri olan dairə şəklikdə açın. Dairəni bıçaqla 8 üçbucağa kəsin. Hər üçbucağın enli tərəfinə bir çay qaşığı dolu içdən qoyun. Üçbucaqları rulet şəklində bükün.

Alınan borucuqları listlərə düzün. Səthlərinə yumurta sarısı çəkib, çörəkotu və ya güncüt səpin. Bir listi sobanın aşağı hissəsi, digərini isə üst hissəsinə yerləşdirin. 10 dəqiqə bişirdikdən sonra, listlərin yerlərini dəyişib 10 dəqiqə daha, və yaxud borucuqların üstü qızaranadək bişirin.