Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

Ciyər Paşteti

Ciyər Paşteti

Bir gün yadıma yaman ciyər paşteti düşmüşdü. Təxminən 1 il bundan əvvəl. Və elə həmən gün heyatımda ilk dəfə olaraq ciyər paşteti bişirməyə qərar verdim. Reseptim var idi¸ həvəsim da var idi¸ iştaham da məni yaman tələsdirirdi. Yaxşı ki, evimizə yaxın bir Ərəb dükanı var. Oradan ciyər aldım. Bakıdan gətirdiyim resept dəftərimi qoydum qabağıma və işə başladım.

Nəticə məni qane elədiyi kimi sabahısı günü bizə qonaq gələn Amerikalı qonşularımızı da qane elədi. Qonşumuz süfrədə paşteti görəndə¸ “Bu nədir?” deyə maraqlandı. “Paştetdir¸ciyər paşteti” deyə cavab verdiyimdə Qonsumuzun üz ifadəsi bir az dəyişildi. “Narahat olma. Cox ləzzətli bir şeydir. Ciyər olduğunu bilmək də olmur. Bir dadına bax” dedim və Qonşumuzdan cavab almadan biz Azərbaycanlılara xas olan adətlə tez qabına bir neçə dilim paştet qoydum. Bir müddət tərəddüd etdikdən sonra¸ Qonşu¸ nəhayət ki¸ paştetin dadına baxdı. Və sonra yenə baxdı¸ sonra bir daha. Sonra isə Qonşunu saxlamaq mümkün olmadı. Hardasa bütün paşteti yedi qurtardı. “Həyatımda ciyərdən belə ləzzətli və görüntüsü belə maraqlı bir yemək görməmişdim dedi”. Qonşu mənə “Azərbaycanda bütun yeməklər belə maraqlıdır?” sualını verəndə artıq məni saxlamaq¸ daha doğrusu susdurmaq mümkün olmadı🙂

Doğduran da¸ uzaqda yaşayanda insan Azərbaycan mətbəxinin nə qədər gözəl¸ nə qədər zəngin olduğunu daha yaxşı başa düşür və onu daha çox dəyərləndirir. Paştet sadəcə bir nümunədir. Mətbəximizdə bizi qürurlandıracaq neçə belə yemək var. Mətbəximizlə fəxr edirəm.

CIYƏR PAŞTETI

Ərzaqlar

1 kilo qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan¸ xırda doğranmış
2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş
duz¸ zövqə görə
istiot¸ zövqə görə
2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!)

Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir.

1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun.

2. Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin.

3. Çəkilmiş ciyər¸ soğan¸ və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Uzərinə zövqə görə duz və istiot əlavə edin.

4. Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm¸ uzunluğu 35 sm¸ eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın.

5. Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır – rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər. Nuş Olsun!