Bu gün menyumuzda düşbərə var. Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.
Qızıma nə vaxt soruşsam ki, nə bişirimim, cavabı eynidir – Düşbərə! Ən sevdiyi yeməyi düşbərədir. Gecə-gündüz təkcə düşbərə yeməyə hazırdır. Təəssüf ki, vaxtımın darlığından və düşbərənin az müddətdə hazırlana biləcək yemək olmadığından, düşbərəni tez-tez bişərə bilmirəm. Amma fürsət tapdıqca bişirməyə çalışıram.
Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Bizim ailədə düşbərənin suyu soğança-tomatla dadlandırılır. Bu, mənim ən çox bəyəndiyim variantlardandır, və bunun reseptini sizinlə burada bölüşəcəyəm.
Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki, azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçi:) Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.
4 – 6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
Xəmir Üçün:
2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su
İçi Üçün:
250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot
Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su
Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə
Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.
1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.
2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.
3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.
4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.
5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.
6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.
7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.
8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. Nuş Olsun!




























Son şərhlər