Subscribe
Dadlı yemək reseptləri bloqu

Qaragiləli Çələng Keksi

Blueberry Bundt Cake 04

Bir neçə gün əvvəl dostlarla piknikə aparmaq üçün həyatımın ilk qaragiləli çələng keksini bişirmək qərarına gəldim. Düşündüm ki, hamımızın açıq havada nuş eləmək üçün termoslarda gətirdiyimiz qara çayın yanında çox bəyəniləcək. Soruşa bilərsiniz ki, niyə qara çay və ümumiyyətlə niyə çay. Çünki azərbaycanlılar və türklər üçün heç bir piknik çay və qara çay olmadan tam hesab oluna bilməz. Fəxrlə deyə bilərəm ki, piroqdan heç nə qalmadı və hamı onu çox sevdi!

Əvvəlcə internetdə və əlimdə olan yemək kitablarındakı qaragiləli çələng keksinin reseptlərini araşdırdım. Sonra ölçülər, ərzaqlar və üsullarla eksperimentlər elədim. Beləcə bu gün burada gördüyünüz resept yarandı. Mənim qaragiləli çələng keksim elə dadlı alındı ki! O həm də çox gözəldir. Piroqu kəsdiyiniz zaman içərisində hər tərəfə səpələnmiş, dilimlərdən boylanan tünd göy rəngli qaragilələri görürsünüz.Bəh  bəh!

Fresh Bluberries

Mən xəmirdə xamadan istifadə etdim. Bu isə piroqu daha da zəngin və nəmli elədi. Limon qabığı isə piroqun şirinliyini balanslaşdırdı və çox incə bir dad verdi. Əgər düşünsəniz ki, piroqunuzun daha çox limon dadına ehtiyacı var, xəmirə bir-iki xörək qaşığı təəcə sıxılmış limon suyu əlavə edin.

Blueberry Bundt Cake 03

Keksin xəmiri qatı olduğundan əlavə etdiyimiz qaragilələr bişmə zamanı qabın dibinə çökmədi. Qaragilələrin keksin içərisində mümkün qədər bərabər paylanması üçün mən onların əsas hissəsini xəmirə qatmış olsam da bir hissəsini keksin üzərinə səpib barmağımla yüngülcə içəri sıxdım. Sonda əlavə etdiyim bu qaragilələr bişmə prosesində keksin orta hissəsinə getdi.

Blueberry Bundt Cake

Beləliklə də bişəndən sonra keksi tərsinə çevirəndə giləmeyvələrin piroqun bütün içərisinə səpələndiyini görürük. Ancaq, əlbəttə ki, onların çoxu piroqun üst və orta hissəsində cəmləşmişdi.

İndi bazarda çoxlu qaragilə var. Ümid edirəm siz bu qəşəng, dadlı piroqu bişirəcəksiniz. Nuş olsun!

Blueberry Bundt Cake 02

Qaragiləli Çələng Keksi

İçərisi qaragilə ilə dolu olan bu çələng formalı piroq həm çox gözəldir, həm də dadlıdır. Nəmli, incə dadlarla dolu olan əsl yay piroqu! Sizi özünə aşiq eləmək üçün bütün atributları var! Əgər istəsəniz keks soyuyandan sonra onun üzərinə şəkər pudrası səpə, yaxud zövqünüzə görə bəyəndiyiniz qlazuru tökə bilərsiniz. Ancaq hətta heç nəsiz, sadə halda belə bu keks möhtəşəm görünür. Göy rəngli qaragilələr qızılı piroqun üzərindən boylanaraq sizi piroqdan bir dişlək almağa dəvət edir.

Təqribən 12-14 dilim çıxır

Ərzaqlar

  • 2½ stəkan un
  • 1½ çay qaşığı qabartma tozu
  • ¼ çay qaşığı çay sodası
  • ¼ çay qaşığı duz
  • 1 stəkan (225 qram) kərə yağı (otaq temperaturunda azca ərinikləmiş, amma çox yumşaq olmayan)
  • 1½ stəkan şəkər tozu
  • 4 yumurta
  • 1 çay qaşığı limon qabığı rəndəsi
  • 1 çay qaşığı vanil ekstraktı
  • 1 stəkan xama (az yağlı olsa da olar)
  • 2 stəkan təzə, yaxud dondurulmuş qaragilə (mən təzəsini xoşlayıram)

Hazırlanması

  1. Sobanı əvvəlcədən 175º C-yə qədər qızdırın.
  2. 12 stəkanlıq dairəvi (çələng) keks formasını kərə yağı ilə yüngülcə yağlayın.
  3. İri dərin bir qabda un, qabartma tozu, çay sodası və duzu qarışdırıb kənara qoyun.
  4. Başqa bir iri dərin qabda elektrik mikseri ilə yağ və şəkəri 3 dəqiqə, yüngül və havalı hala gələnə qədər çalın.
  5. Növbə ilə yumurtaları əlavə edərək hər birindən sonra yaxşıca çalın.
  6. Limon qabığı rəndəsi və vanil ekstraktını əlavə edib qarışması üçün bir az da çalın.
  7. Xamanı əlavə edib yaxşı qarışana qədər, bir neçə saniya çalın.
  8. Un qarışığını iki dəfəyə əlavə edərək hər dəfə də yaxşı qarışana qədər təxminən bir dəqiqə çalın.
  9. Qaragilənin 1/4 hissəsini ayırıb qalanını spatulanın (ya da qaşıq) köməyilə ehtiyatla xəmirə qatın. Çox ehtiyatlı olmalısını ki, giləmeyvələr əzilməsin.
  10. Xəmiri qaşıq yardımı ilə ehtiyatla formaya boşaldıb üzərini qaşıqla hamarlayın.
  11. Qalan qaragilələri isə xəmirin üzərinə səpib yüngülcə içəriyə doğru basın. Keks sobada bişdiyi müddətdə həmin bu qaragilə dənələri yavaş-yavaş piroqun ortalarına doğru enəcək.
  12. 45-50 dəqiqə ərzində bişirin. Bir diş çöpünün (ya da kibrit) köməyilə keksin hazır olub-olmadığını yoxlaya bilərsiniz. Keksə batırılmış diş çöpü təmiz çıxırsa deməli piroqumuz hazırdır.
  13. Keks qabını sobadan çıxarıb soyutma dəmirinin üzərinə qoyub 20 dəqiqə ərzində soyudun.
  14. Bıçaqla keksin kənarlarını ehtiyatla qabdan ayırın. Keksi süfrəyə verəcəyiniz qabın üzərinə alt-üst çevirin. Süfrəyə verməzdən əvvəl tamamilə soyudun.

Bir cavab yazın


7 Comments
  1. salam.Xama nedir?smetan yoxsa qaymaq?

  2. Salam. Xamanı qatiqla evez ede bilerem?

  3. salam feride xanim men sizin sehifenizde her defe yeni reseptler gorurem men ozum de xemir ustasiyam eger size menim kimi usta lazim olsa can basla razilasaram 45 yasim var gorunusce 30 35 yas verirler tel nom 055 583 28 35

    • Çox sağ olun, Sara xanım. Mənim ustalıq bir işim yoxdur, ona görə təəssüf ki, sizə kömək edə bilməyəcəm. Sizə uğurlar!

  4. Maraqlı reseptinə görə təşəkkür edirəm, mütləq sınamaq lazımdır.

Bir cavab yazın