Subscribe
Dadlı yemək reseptləri bloqu

Zebra Tortu – Zebra Keksi, Zebra Piroqu (Video)

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Bu resepti 16 okyabr 2008 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).
________

 Zebra piroqunun (yaxud tortunun, keksinin) reseptini ingilis dilində olan bloqumda dərc edəndə heç ağlıma da gəlməzdi ki¸ bloquma çox sayda oxucu cəlb edəcək. O vaxtlar bloqumu ziyarət edən az idi¸ cünki hələ iki həftə idi ki, açılmışdı. Zebra tortu sayəsində oxucularımın sayı artmağa başladı. Beləliklə, tam əminliklə deyə bilərəm ki, ilk dəfə  blog aləmində zebra piroqunun hazırlanma qaydasını bəndəniz göstərmişdi.

Zebra piroqunu ailəcə çox sevirik. Hər dəfə onu sobadan çıxardanda, əvvəlcə ona bir xeyli müddət valeh olmuş gözlərlə baxıram. Yox yox¸ məni valeh edən piroqun necə yaxşı bişməsi deyil¸ içində gizlənmiş və üstündə görünən əsl zebranı xatırladan ağ-qara zolaqların gözəlliyidir.
Bu zolaqları yaratmaq heç də çətin deyil. Prosesi sizin üçün daha da asanlaşdırmaq üçün tortun hazırlanmasını addımbaaddım çəkdiyim şəkillərlə izah edəcəyəm. Əlavə olaraq videosu da var. Mütləq izləyin. Tortunuzu zebralaşdırmaq istəyirsinizsə, başlayaq.

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Budur, xəmirimiz əmələ gəlir!

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Xəmirin qatılığı belə olmalıdır.

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Zolaqlarımıza keçək!

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Yavaş-yavaş alınır.

Zebra Tortu (Zebra Keksi, Zebra Piroqu) | AZCookbook.com

Piroq sobaya getməyə hazırdır!

ZEBRA KEKSININ HAZIRLANMA QAYDASI VİDEODA:

 

ZEBRA TORTU (Zebra Piroqu, Zebra Keksi)

Ərzaqlar

  • 4 yumurta, otaq hərarətində
  • 1 stəkan (250 qram) şəkər tozu
  • 1 stəkan (250 millilitr) süd, otaq hərarətində
  • 1 stəkan (250 millilitr) zeytun yağı (dadı yüngül olan)
  • 2  stəkan (250 qram) un
  • 1/3 çay qaşığı vanil tozu (bunu vanil ekstraktı ilə əvəz edə bilərsiniz, təxminən 1/2 çay qaşığı)
  • 1 xörək qaşığı qabartma tozu (1 çay qaşığı soda ilə əvəz etmək olar)
  • 2 xörək qaşığı tünd kakao tozu

Hazırlanması

  1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər yüngülvari çalın. (Əgər vanil tozunuz yoxdursa və vanil ekstraktından əlavə edəcəksinizsə, bu mərhələdə onu da buraya əlavə edin).
  2. Ayrı qabda unu¸ vanili və qabartma tozunu qaşıqla qarışdırın.
  3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Çox çalmayın, yoxsa piroq  bişəndə içində çuxurlar əmələ gələcək. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.
  4. Alınan qarışığı iki eyni hissəyə bölün.
  5. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın. Kütlə çox qatılaşarsa, azacıq süd əlavə edib qarışdırın.
  6. Sobanı 180˚C-dək qızdırın.
  7. Diametri 23 santimetr olan dibi yapışmaz yumru tort formasının dibini və kənarlarını azacıq yağlayın və üzərinə perqament kağızı sərin.
  8. Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
  9. Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç açmayın, yoxsa tort qalxmaz.
  10. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır.
  11. Tortu formasından çıxardın və soyumağa qoyun.
  12. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

Bir cavab yazın