Best in the World!
Dadlı yemək reseptləri bloqu

Düşbərə

Düşbərə

Bu gün menyumuzda düşbərə var. Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.

Qızıma nə vaxt soruşsam ki, nə bişirimim, cavabı eynidir – Düşbərə! Ən sevdiyi yeməyi düşbərədir. Gecə-gündüz təkcə düşbərə yeməyə hazırdır. Təəssüf ki, vaxtımın darlığından və düşbərənin az müddətdə hazırlana biləcək yemək olmadığından, düşbərəni tez-tez bişərə bilmirəm. Amma fürsət tapdıqca bişirməyə çalışıram.

Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Bizim ailədə düşbərənin suyu soğança-tomatla dadlandırılır. Bu, mənim ən çox bəyəndiyim variantlardandır, və bunun reseptini sizinlə burada bölüşəcəyəm.

Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki,  azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçi:) Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.

DÜŞBƏRƏ

4 – 6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

Xəmir Üçün:

2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi Üçün:

250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot


Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su


Üstünə səpmək üçün:

xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə

Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.

1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.

2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.

3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.

4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.

5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.

6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.

7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.

8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. Nuş Olsun!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →